İyunun 20-si Bakıda "Baku Shipping Dinner"in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin sponsorluğu ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” baş tutub.
Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-ə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edib.
Konfransda “United Alliance Group LTD” şirkətinin direktoru Asif Mehtiyev açılış nitqi ilə çıxış edərək konfransın məqsədi, dəniz sektoru üçün önəmi və dəniz nəqliyyatı sahəsində heyət idarəçiliyi və təhlükəsizliyi barədə ümumi məlumat verib.
Konfransın keçirilməsində əsas məqsəd Xəzər, Aralıq və Qara dəniz regionlarının gəmiçilik sektorunda fəaliyyət göstərən gəmi sahiblərini, dənizçilik üzrə insan resursları və gəmiçilik şirkətlərinin nümayəndələrini bir araya gətirərək gəmidə insan faktorunun əsas amil kimi önəmini diqqətə çatdırmaq, dənizçilik üzrə heyət idarəçiliyi, dəniz təhlükəsizliyində insan resurslarının idarə edilməsi barədə bilik və təcrübələrin bölüşdürülməsi, eləcə də tədbirdə iştirak edən xarici gəmiçilik şirkətləri ilə əməkdaşlığı artıraraq dənizçilərin beynəlxalq sularda iş imkanlarının və yeni iş yerlərinin yaradılmasında dəstək göstərmək olub.
Tədbir zamanı Beynəlxalq Dəniz Təşkilatının (IMO), Dünya Dəniz Universitetindən professorların, Türkiyə Dənizçilik Baş İdarəsinin və böyük gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, gəmidə insan faktoru, dekarbonizasiya və kibertəhlükəsizlik, Dənizçilik İnstitutu - Dəniz Sektorunda Aparıcı Peşəkar İnkişaf, ətraf mühitin mühafizəsinin qorunması üzrə müasir texnologiyaların gəmilərdə tətbiqi mövzusunda təqdimatlar edilib.
Sonda beynəlxalq ekspertlərin iştirakı ilə panel sessiyalar və müzakirələr keçirilib.