“United Alliance Group LTD” və “ZenithSurvey” şirkəti ilə Londonda fəaliyyət göstərən “Marine Society and Sea Cadets” dəniz cəmiyyəti nümayəndələri arasında əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə şirkətin nümayəndələri Asif Mehtiyev və Seymur Mirzəyev, “Marine Society and Sea Cadets” dəniz cəmiyyətinin kitabxana və nəşrlər üzrə meneceri Lenka Manakova və “Dənizçilərin təhsili və sosial rifahı” şöbəsinin müdiri Carla Rockon iştirak edib.
Tərəflər arasında dənizçilik sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində təşkil olunan kursların və tədris proqramlarının nəşri barədə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə xüsusilə də gənclərə dənizçiliyin inkişafında töhfə verən, beynəlxalq tələblərə uyğun peşəkar mütəxəsislərin hazırlanmasında əhəmiyyətli rolu olan “Marine Society and Sea Cadets” dəniz cəmiyyətinin nəşr və təlim programlarının gələcəkdə Azərbaycanda yayımlanması üçün distributorluğunun həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu əməkdaşlığın azərbaycanlı gənclərə dənizçilik sahəsində peşə və bacarıqlarının təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağı vurğulanıb. Bu istiqamətdə əməkdaşlıq “Marine Society and Sea Cadets”cəmiyyəti tərəfindən dənizçilik sahəsi üçün təqdirəlayiq addım kimi qiymətləndirilib.
Daha sonra nümayəndələrə “United Alliance Group LTD” və “ZenithSurvey” şirkətinin hazırki fəaliyyət və xidmətləri barədə ətraflı məlumat verilib.
“United Alliance Group LTD”nin dənizçilik üzrə təlim-tədris prosesi, agentlik, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində göstərilən təmənnasız vasitəçilik xidmətindən bəhs edilib. Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi və Panama Dəniz Administrasiyasının səlahiyyəti əsasında dənizçilər üçün tədris edilən kurslardan danışılıb.
Dənizçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması istiqamətində həm nəzəri, həm də dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilən təcrübi dərslər, burada yaradılan imkanlar və onların hazırki səviyyəsi yüksək qiymətləndirilib.
Dənizçilərin peşə və kvalifikasiyaya standartlarının inkişafına dair keçirilən kursların Azərbaycandakı dənizçilik şirkətləri üçün birgə təşkili perspektivləri müzakirə edilərək qarşılıqlı əməkdaşlığın müsbət nəticələr verəcəyi qeyd edilib.
Sonda “United Alliance Group” və “ZenithSurvey”in nümayəndələri bu sahədə əlaqələrin inkişafında göstərilən diqqətə görə cəmiyyətin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.