Rusiyanın Nəqliyyat naziri ilə Beynəlxalq Dəniz Təşkilatının auditorlar qrupu arasında görüş keçirilib

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 19.09.2024 11:29

Rusiyanın Nəqliyyat naziri Roman Starovoit ilə kapitan Hüseyn Cahit Yalçın Beynəlxalq Dəniz Təşkilatının auditorlar komandası arasında görüş keçirilib.

Görüşdə "Zenith Survey" Şirkətinin direktoru Seymur Mirzəyev Beynəlxalq Dəniz Təşkilatının Üzv Ölkələrinin Audit Sxemi (İMSAS) çərçivəsində auditor olaraq iştirak edib. 

Audit qrupu tərəfindən Rusiyada dəniz nəqliyyatı sistemi beynəlxalq konvensiyalar və məcəllələr üzrə, o cümlədən bayraq dövlətinin, liman və sahilyanı dövlətin öhdəliklərinin yerinə yetirilməsi yoxlanılacaq. 

Auditin əsas məqsədi beynəlxalq sənədlərin tələblərinin qabaqcıl təcrübələrə uyğun olaraq düzgün şəkildə həyata keçirilməsinə kömək etmək, təkmilləşdirilməli olan sahələri müəyyənləşdirmək və müvafiq qurumlar tərəfindən hazırlanmış islahatların keçirilməsinə dəstək göstərməkdir.

Görüş zamanı rusiyalı nazir Rusiya Federasiyasının IMO-nun mühüm bütün konvensiyalarına qoşulduğunu bildirib: “Ölkəmiz böyük dəniz dövləti kimi yarandığı gündən Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətdir. Bundan əvvəlki auditlər dəniz sənayesinin işinə əhəmiyyətli töhfəsini verib. Əminəm ki, bütün yoxlama tədbirləri əməkdaşlıq və səmərəli qarşılıqlı fəaliyyət fonunda həyata keçiriləcək”,-deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya 2009-cu ildə IMO çərçivəsində könüllü auditdən keçən ilk ölkələrdən olub. Bu 2016-cı ildə müvafiq dəyişikliklər edildikdən sonra ilk keçirilən məcburi auditdir. Audit təxminən 1 həftə çəkəcək və iki şəhərdə, Moskva və Sankt-Peterburqda keçiriləcək.

Məlumat üçün bildirək ki, S. Mirzəyev bundan əvvəl IMO-nun təyinatı ilə qardaş Türkiyə Cümhuriyyətinin və Almaniya Federativ Respublikasının IMSAS auditi zamanı auditor kimi iştirak edib.