İstanbulda fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Dənizçilik Dərnəyi dənizçilərin sosial rifahının arıtılması və onların iş fəaliyyətində geniş imkanlar yaratmaq məqsədilə United Alliance Group ilə əməkdaşlığa dair protokol imzalayıb.
Azərbaycan Beynəlxalq Dənizçilik Dərnəyinin (AUDDER) İdarə Heyətinin sədri Elnurə Orucova Türkiyənin “Dəniz Xəbər Agentliyi”nə açıqlamasında bildirib ki, nizamnamədə qeyd olunduğu kimi, məqsədimiz dənizçilik peşəsinə yiyələnənləri bir araya gətirmək, bu sahənin peşəkarlıqla həyata keçirilməsini təmin etmək, bir sıra şirkətlər eləcə də təşkilatlar və fiziki şəxslərlə əməkdaşlıq etməkdir: “Biz eyni zamanda dənizçilik peşəsini daha asan və təhlükəsiz etmək üçün əlimizdən gələni edirik. Hədəfimiz Azərbaycan və Türkiyədə dəniz ticarətini inkişaf etdirmək, bu sahəni beynəlxalq dənizçilik sektoru ilə rəqabət apara biləcək səviyyəyə çatdırmaqdır”.
E.Orucova United Alliance Group LTD şirkəti ilə əməkdaşlıq məqsədinin eyni zamanda dənizçilərə dünyanın tanınmış dənizçilik şirkətlərinə işə qəbul zamanı təmənnasız vasitəçilik xidmətinin göstərilməsi olduğunu da vurğulayıb.